Dərd | Ramiz Rövşən

Dərd dərdi əridir, udur,
Dərd dərdin dibinə çökür
Dərd dərdin əlindən tutur,
Dərd dərdin ipini çəkir.

Nə uzundur dərdin ipi
Dolanır dörd bir tərəfi.
Dünyanın dərdli tərəfi
Dərdsiz tərəfini çəkir.

Dünyadan bezmir yenə də,
Şükür deyib bu günə də,
Adam lap öz dərdini də
Sevinə-sevinə çəkir.


          *   *   *

Göz yaşları süzüldükcə
Adamın quru üzünə,
İçimizə batan dərdlər,
Bir-bir çıxır su üzünə.

Qazancımız birdi bizim
Bu dünyanın dərdi bizim.
Çevrilərik dərdimizin,
O üzünə, bu üzünə.

Milyon-milyon qəbir varsa...
Bir qəbirsiz şair varsa,
Üzündə bir sağ yer varsa,
Dünyanın tfu üzünə! 
 

1 şərh

pascal
Əsl bu fəsilə yaraşan şeirlər. 
Bumeranq, «payız depressiyam» lap qabardı. :)
Məmməd Araz demişkən:

Əyilməkdir ağlamağın tərs üzü,
Dərdi dartıb üzməyəni dərd üzür...

Dərdin sizi yox, sizin dərdi üzmənizi diliyirəm. :)